Cəhənnəmin göstərilməsi

O gün hər kəs Allah’a dünyada törətdiklərinin hesabını verəcək. Cəhənnəmə girəcəyini anlayıb qorxu içində olan inkarçılar qısa bir ömrü sonsuz bir həyatdan üstün tutmağın verdiyi sonsuz peşmançılıq içində olacaqlar. Onlar özlərinə əzabın toxunmayacağını, qiyamət gününün gerçəkləşməyəcəyini və Allah’ın onları cəzalandırmayacağını zənn edərək guya rahat bir həyat yaşayarkən Allah onları əhatəyə alacaq və heç gözləmədikləri bir anda qəhr edəcək. Hər şey bitəcək və hər kəsin gedəcəyi yer müəyyən olunacaq. Lakin insanlar dərhal bir-birlərindən ayrılmayacaqlar. Möminlər cənnətə göndərilməzdən əvvəl onlara da kafirlərlə birlikdə cəhənnəm göstəriləcək. O gün mömin və ya kafir bütün insanlar cəhənnəmin ətrafında diz çökəcək. Hər kəs cəhənnəmin qorxu salan uğultusunu eşidəcək və içindəki tük ürpərdici görüntülərə şahid olacaq. Lakin sonra möminlər qurtarılacaq və kafirlər diz üstü çökmüş olaraq buraxılacaqlar. Ayələrdə bu həqiqət belə xəbər verilir:

“İnsan soruşar: “Doğrudanmı, mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?” Məgər insan ilk əvvəl onu heç bir deyil ikən yaratdığımızı xatırlamırmı? Rəbbinə and olsun ki, Biz onları şeytanlarla bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda, cəhənnəmin ətrafına yerləşdirəcəyik. Sonra hər firqədən ər-Rəhmana ən çox asi olanı çıxardacağıq. Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq. İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik”. (“Məryəm” surəsi, 66-72)

Əlbəttə, möminlərə cəhənnəmin göstərilməsinin bir çox hikməti vardır. Cəhənnəmin vəziyyətini yaxından görən möminlər Allah’ın onlara verdiyi imanın nə qədər böyük bir gözəllik və fərqlilik olduğunu daha dərindən qavrayırlar. Çünki şahid olunan cəhənnəm o qədər dəhşətlidir ki, o əzabdan xilas olmaq insan üçün təsvir oluna bilməyən xoşbəxtliyə və şükürə vəsilə olacaq. Möminlər cəhənnəmi görməklə müqayisə etmək imkanına sahib olurlar. Beləliklə, insana veriləcək ən gözəl nemətləri olan və əbədi qalacaqları cənnətin dəyərini daha yaxşı anlayırlar. Çünki nemətin dəyəri ancaq müqayisə ilə anlaşılır. Gözəlliklərin, yəni cənnət nemətlərinin dəyəri Allah’ın zülm edənlərə verəcəyi qarşılıq görüləndə daha yaxşı anlaşılır. İmtahan olunmaq üçün gəldiyimiz dünyanın yaradılış hikmətlərindən biri də təlimdir. İnsanlar burada doğrunu, yanlışı, gözəli, çirkini, yaxşını, pisi tək-tək görərək və müqayisə edərək öyrənirlər. Dünyada bu xüsusiyyətə sahib olmağın yolu ancaq ağıl, vicdan və ən vacibi də Allah qorxusundan keçir.

Qiyamət yaradılmışların ən xeyirliləri olan möminlər (Beyyinə surəsi, 7) ilə yaradılmışların ən pisləri olan (Beyyinə surəsi, 6) inkarçıların bir-birindən sonsuza qədər ayrılma vaxtıdır. Ayırma günü Quranda belə izah olunur:

“Elçilərə vaxt təyin olunacağı zaman – deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?” Deyiləcəkdir: “Ayırd etmə gününədək!” Sən Ayırd etmə gününün nə olduğunu bilirsənmi? Qiyaməti yalan sayanların o Gün vay halına! Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi? Sonrakıları da onlara qatacağıq. Biz günah sahibləri ilə belə davranırıq. Qiyaməti yalan sayanların o gün vay halına!” (“Mürsəlat” surəsi, 11-19)

Bu ayırma günü ölümlə başlayır və hesabla davam edir və insanların əbədi yurdlarına yollanması ilə sona çatır. “Qaf” surəsində kafirlərin və möminlərin əbədi yurdlarına etdikləri səfər belə izah olunur:

“Ölüm bihuşluğu həqiqətən gələcəkdir. “Ey insan! Bu sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. Sən bunun haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” Yoldaşı şahid mələk deyəcəkdir: “Bu yanımdakı hazırdır!” Allah əmr edib deyəcək: “Atın cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allah’a tay tutanı. Yoldaşı şeytan deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o, özü dərin azğınlıq içində idi!” Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!” O gün Biz cəhənnəmə: “Doldunmu? – deyəcəyik. O isə: “Yenə varmı? – deyəcəkdir. Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur sizə vəd edilən cənnət! O, hər bir tövbə edib Allah’a üz tutan, Onun əmrinə riayət edən, mərhəmətli Allah’dan Onu görmədən qorxan və Allah’a yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, əbədiyyət günüdür”. (“Qaf” surəsi, 19-34)