Möminlərin mükafatı
“Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki, müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər”. (“Bəqərə” surəsi, 212)
Ayədə də göründüyü kimi, görmədikləri halda, Rəbbimizdən qorxan və qiyaməti qəlbləri ürpərərək gözləyən möminlər o gün Allah’ın himayəsi altında olacaqlar. Möminlərin din günündə rahatlıq içində olacaqlarını müjdələyən başqa bir ayə isə belədir:
... “O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların iman nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”” (“Təhrim” surəsi, 8)
İnkar edənlər peşmançılıq içində ikən, möminlər din günündə heç bir qorxu yaşamayacaqlar. Allah’ın onlara vəd etdiyinə qovuşmanın sevinci içindədirlər. Sağ əllərinə dəftərlərini alıb, hüzur içində cənnətə gedəcəkləri anı gözləyirlər. Allah onlara dünyada və axirətdə heç bir neməti qadağan etməmiş, tam əksinə, sonsuz nemətlərlə cavab vermiş, canlarını gözəlliklə almış və din günündə də onları qorumuşdur. “Əraf” surəsinin 32-ci ayəsində Allah’ın bütün nemətləri möminlərə bəxş etdiyi belə bildirilir:
“De: Allah’ın Öz qulları üçün üzə çıxardığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik”. (“Əraf” surəsi, 32)
Hesab anı bitdikdən və qızdırılmış cəhənnəm onlara göstərildikdən sonra möminlər cənnətə aparılarlar:
“Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza. Əbədi qalmaq üçün buraya daxil olun!”” (“Zumər” surəsi, 73)
Quranda möminlərin sonsuz axirət həyatında alacaqları mükafatlar ətraflı şəkildə izah olunur. “Tur” surəsində əbədi yurdun nemətləri belə sayılır:
“Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və nemət içində yaşayacaqlar. Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları cəhənnəm əzabından xilas etmişdir. Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!” Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik. Möminlərin imanda onların arxasınca gedən nəsillərini də cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur. Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik. Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik edər. Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi cavan oğlanlar dolanacaqlar. Onlar bir-birinə üz tutub soruşacaqlar. Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allah’dan qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”” (“Tur” surəsi, 17-28)