Qiyamət günü mütləq həqiqətdir
Daha əvvəl bəhs etdiyimiz kimi, dünyanın müvəqqəti dəyərlərinə sahib olmağı özü üçün yetərli görən insanlar həqiqətdən çeşidli üsullarla qaçırlar. Ölüm bütün gerçəkliyi ilə yan-başlarında ikən bunu qulaqardı edir, yenidən diriləcəkləri günü də unutmağa çalışırlar. Onların nəzərincə, bunları düşünməmək bir nicat yoludur. Beləliklə, insanlar Allah qarşısındakı vəzifələrini ağıllarına gətirməyərək yalnız öz gücləri hesabına yaşaya biləcəklərini zənn edirlər. Halbuki, qiyamət günü mütləq bir həqiqətdir. Bu həqiqət vəhy yolu ilə Quranda bildirilmişdir.
Eyni zamanda, Quranda qiyamət günündə həqiqətə çevriləcək hadisələrin təsvirləri də verilir. Olduqca müfəssəl şəkildə anladılan qiyamət vaxtında yer üzündə və bütün kainatda olacaqları hadisələr, bununla yanaşı, insanların ruhi vəziyyəti, onların bütün varlığına hakim olacaq böyük çaşqınlıq, qorxu, vəhşət və təlaş açıq bir şəkildə anladılır. Şübhəsiz, kainat qüsursuz olaraq yoxdan yaradıldığı kimi, yenə qüsursuz və fövqəladə şəkildə sona çatacaq. Planetlər orbitlərini tapa bilməyəcək, dağlar yerindən oynayacaq. Daha əvvəl hər şeyin təsadüf ola biləcəyi bəhanəsi ilə Allah`ı inkar edənlər bütün nizam və tarazlığı alt-üst edən bu mütləq hadisələr qarşısında təsadüflərin deyil, yalnız Allah`ın hökmünün əsaslı olduğunu anlayacaqlar:
“De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allah`ındır!” O, Özü Özünə rəhmli olmağı yazmışdır. Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!” (“Ənam” surəsi, 6/12)
“Sur bircə dəfə üfürüləcəyi; yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman - məhz o gün qiyamət qopacaqdır!” (“Haqqə” surəsi, 69/3-15)