Qiyamət anında yer üzünün vəziyyəti. Şiddətli sarsıntılar başlayacaq
“Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; Yer öz yükünü çıxardıb atacağı zaman; Insan: “Buna nə olub?” - deyəcəyi zaman - məhz o gün öz Yer hekayətini söyləyəcəkdir. Çünki ona sənin Rəbbin vəhy etmişdir!” (“Zilzal” surəsi, 1-5)
Qiyamət günü hər canlının duya biləcəyi surun səsini qulaqları partladan bir gurultu əvəzləyər və yer üzü əvvəllər tayı-bərabəri görünməmiş bir sarsıntıya tutular. Nəhəng ölçülərdəki dağlar, ağaclar, göydələnlər, binalar, qısası, yer üzünün hər nöqtəsi eyni anda sarsılmağa başlayar. Bundan əvvəl heç rastlanmamış bu sarsıntı qarşısında insanlar böyük təşviş və qorxuya qapılarlar. Ən qorxuncu isə bu sarsıntıdan qaçacaq, ya da sığınıb qurtula biləcək heç bir yerin olmamasıdır. Çünki bu sarsıntı daha əvvəl insanların gördüyü və yalnız müəyyən bir bölgədə, yaxud şəhərdə meydana gələn və bir neçə saniyə davam edən zəlzələlərin bənzəri deyil. Bu dəfə yaşanan sarsıntı heç bir qaçışın olmadığı, eyni anda dünyanın dörd bir yanında başlayan və dünyanı yerlə-yeksan edəcək bir sarsıntıdır. Dünyanı yerlə-yeksan edənə qədər də sonu olmayacaq (ən doğrusunu Allah bilir). İnsanların qiyamət günü qarşılaşacağı sarsıntını Allah Quranda belə bildirmişdir:
“O gün sarsılanı sarsılacaq. Onun ardınca bir sarsıntı da olacaqdır! O gün ürəklər qorxub titrəyəcək, gözləri zəlilcəsinə yerə dikiləcəkdir”. (“Naziat” surəsi, 6-9)
Dünya üzərində yaşanmış və nəticələri insanlara dərindən təsir etmiş sarsıntıları, zəlzələləri bir anlığa göz önünə gətirin. Bu sarsıntıların hamısı sadəcə olaraq bir neçə saniyə sürmüş, ancaq buna baxmayaraq, özündən sonra böyük xarabalıq, dağıntı və söküntülər qoymuşdur. Yüz minlərlə ölçülən bir insan cəmiyyəti bu uçqunun altında qalmış və sağ qalanlar heç gözləmədikləri bir səfalət və yoxsulluqla qarşılaşmışlar. Evlər, mal-dövlət, əldə edilən qazanclar, təsərrüfatlar bir neçə saniyə içində yerlə-yeksan olmuşdur. Bu fəlakətlər hər kəsin gözü qarşısında gerçəkləşmiş və bu saniyələr içində heç bir güc bu sarsıntıya qarşı çıxa bilməmişdir. Qiyamət günü yaşanacaq sarsıntı şiddət, nəticə baxımından və bütünlükdə daha əvvəl dünyada yaşanan yeraltı təkanlara bənzəməyəcək və hər şeydən mühümü, geridə nəinki dağıntı, hətta həyat əlaməti də buraxmayacaq.
Dünyadakı bir zəlzələ nə qədər şiddətli olursa-olsun, bu zaman insanlar üçün əksərən qurtuluş ehtimalı var. İnsanlar bunu bildikləri üçün sarsıntı başlayar-başlamaz özlərini qurtara bilmək məqsədilə bəzi tədbirlər görməyə, zəlzələyə qarşı təhlükəsizlik içində ola biləcəkləri bir yerdə sürətlə gizlənməyə çalışırlar. Elə isə insanların hamısı surun üfürülməsi ilə anlayacaqlar ki, bu sarsıntılar daha əvvəl yaşadıqlarının bir bənzəri deyildir, heç bir şəkildə qaçıb qurtulma ehtimalı yoxdur.
Şübhəsiz ki, insanlar qiyamət saatına aid hər şey kimi meydana gələcək və qaçış imkanı olmayacaq bu sarsıntılar barədə də xəbərdar ediliblər:
“Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir!” (“Həcc” surəsi, 1)
O anda artıq yer üzündə mövcud olan heç bir şeyin dəyəri və mənası qalmamışdır. İnsanları aldadan hər şey - lüks evlər, nəhəng göydələnlər, beşulduzlu otellər, ömürləri boyunca tamahkarlıqla pullar yığaraq aldıqları və üzərində onca zəhmət çəkərək nizamladıqları evlər, saraylar, körpülər, dünyanın ən məşhur binaları, yüz illər boyunca hər cür təbiət hadisəsinə qarşı yıxılmadan ayaqda qala bilmiş piramidalar, tarixi qalalar, şəhərlər dəniz kənarında qumdan tikilmiş qalalar kimi sürətlə çökəcəklər. Ümid bağlanan iş yerləri, lüks maşınlar, qısası, dünya həyatında insanın sahib olduğu, sahib olmaqla öyündüyü bütün maddi zənginliklər bir anda yox olacaq. İnsanların əldə etdiyi şan-şöhrətin, etibarın, hörmət-izzətin və gücün heç bir mənası və əhəmiyyəti qalmayacaq.
Quranda o gün yerin parça-parça yıxılıb darmadağın olacağı bildirilir:
“Xeyr! Yer dağılıb parça-parça olacağı; Rəbbin gəlib mələklər səf-səf duracağı və cəhənnəmin gətiriləcəyi gün - məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!” (“Fəcr” surəsi, 21-23)
O gün insanların bundan əvvəl arxayınlıqla üzərində gəzişdiyi yer ayaqlarının altından sürüşər. Cürbəcür bəhanələrlə Allah`ı inkar üçün cəhd göstərmiş və nə etmək lazım gəldiyini bildiyi halda, ibadət etməkdən qaçan hər adam Allah`dan başqa sığınılan bir gücün olmadığını sonunda çox yaxşı anlayar. Amma artıq özləri üçün nə geriyə dönüş, nə etdiklərini əvəzetmə imkanı var, nə də yaşanan peşmançılıq adama bir fayda gətirəcək.
İnsanların o gün qorxu və dəhşətlə birlikdə duyduğu hisslərdən biri də çarəsizlikdir. Dünyada başına gələ biləcək bütün və hər cür labüd fəlakət üçün tədbir görən, ən ölümcül bəla, ən böyük zəlzələ, ən şiddətli qasırğa, ən dəhşətli nüvə savaşı üçün belə sığınacağını hazırlayan insan oğlu elə bir hadisə ilə qarşı-qarşıya gəlir ki, qaçıb sığına biləcəyi, daldalana biləcəyi tək bir arxayın yer də tapa bilməz. Dünyada vaz keçilməz gördüyü, özünə inkarı məqbul göstərən zəkası da, güc sahibi olduğuna inandığı adamlar da bu dəhşətli sarsıntıya qarşı heç bir çarə tapa bilmirlər və onlar üçün artıq heç bir çıxış yolu yoxdur.