Göy üzünün vəziyyəti
Qiyamətlə birlikdə gələn süqut və dəhşət təkcə yerdə gerçəkləşəcək hadisələrlə məhdudlaşmır. O gün insanın bildiyi, alışdığı və sonsuzadək varlığını sürdürəcəyini sandığı bütün varlıqlar və nizamlar pozulmaya uğrayacaqlar. O gün dünya tarixi boyunca miqyası anlaşılmamış, sirləri son əsrdə açılmış, ağılları donduran böyüklükdəki göy cisimləri və kosmos üçün də ölüm vaxtı gəlmişdir. Göy üzü, Ay, Günəş, ulduzlar və planetlər də o gün parçalanıb yox olacaqlar. Allah bir ayədə belə buyurur:
“Sizə vəd edilən mütləq vaqe olacaqdır! Ulduzlar sönəcəyi; Göy yarılacağı zaman...” (“Mürsəlat” surəsi, 7-9)
Kainatın yaradıldığı ilk andan etibarən meydana gələn hər hadisə və izlənən hər görüntü bunlarda bir qeyri-adilik olduğunu sezən və bir Yaradıcının varlığını mütləq bir şəkildə görmək istəyən hər insan üçün böyük bir iman dəlilidir. Ucsuz-bucaqsız kainatın hər nöqtəsini bürüyən planetlər, ulduzlar, saysız göy cisimləri Allah`ın tək bir əmri ilə yaradılmış, Onun qüdrəti ilə müəzzəm bir tarazlıqla qorunmuşdur. Bu başlanğıc və tarazlıq isə sirrini hələ də qoruyur, insanların zehnini məşğul edir. Əslində, bu axtarışların nəticəsində insanın qarşısına çıxan yeganə bir həqiqət vardır: Allah`ın varlığı. Qiyamət günü yaşananlar yenə də bu Yaradanın böyüklüyünə uyğun şəkildə gerçəkləşəcəkdir. Allah var olan hər şey üçün olduğu kimi, göy üzündəki bu müəzzəm dünya üçün də görünməmiş bir aqibət hazırlamışdır.
Göy üzü insanın varlığına və davamlılığına həmişə arxayın olduğu bir tavan kimidir. Allah`ın bir dirək olmadan yüksəltdiyi və tutduğu, ucsuz-bucaqsız kosmosla öz arasında pərdə rolunu oynayan görkəmli bir tavan...
Bu tavan dünyanı və üzərindəki canlıları saysız təhlükələrdən (ultrabənövşəyi şüalardan, komet və meteorlardan, kosmosun dondurucu soyuğundan və s.) ən kiçik bir nöqsana yol vermədən yüz illərlə qorumuş, canlı aləmin davam etməsi üçün lazım olan ən əhəmiyyətli qoruyucu örtük olmuşdur. Qaranlıq kosmosdan keçib gələn işıq atmosferin daşıdığı xüsusiyyətlər sayəsində dünyaya qədərincə yayılmış, bütün planeti işıqlandırmış və insan atmosferdəki həssas oksigen nisbəti sayəsində nəfəs alıb həyat tapa bilmişdir. Halbuki, o gün göy bütün vəzifə və funksiyalarını itirər. Artıq onun da Allah dərgahında aşkar olan əcəli gəlmişdir. Qiyamət günü göy Allah`ın diləməsi ilə sarsılıb çalxalanar, çatlayar və yarılar:
“O gün göy hərəkətə gəlib çalxalanacaq”. (“Tur” surəsi, 9)
“O gün göy parçalanacaq, Allah`ın vədi yerinə yetəcəkdir”. (“Müzəmməl” surəsi, 18)
“Və göy süst düşüb parçalanacaqdır!” (“Haqqə” surəsi, 16)
Dünya tarixi boyunca saysız canlının həyatını davam etdirməsi üçün ən gərəkli şərtlərdən biri olan hava bütün əhəmiyyətini və funksiyasını itirir. O gün var olan qanunlar alışdığımız qanunlardan fərqlidir. Saysız fizika qanunu ilə göydə sabit bir müvazinətlə duran atmosfer əriyib axmağa başlayar. Quranda o gün göy üzünün uğrayacağı aqibət bu şəkildə anladılır:
“O gün göy göyərmiş mis kimi olacaq”. (“Məaric” surəsi, 8)
Atmosfer o gün əriyər və yanmağa başlayar. İnsanlar masmavi görməyə alışdıqları göy üzünü o gün qızılı rəngdə görərlər. Göy üzü yarılıb ərimiş, yağ kimi olmuşdur:
“Göy ayrılıb dağ edilmiş yağ kimi qıpqırmızı olduğu zaman...” (“Rəhman” surəsi, 37)
Qiyamət günü o günə qədər Allah`ın böyüklüyünü və gücünü görmək istəməyən, bilə-bilə üz çevirən insanlar üçün peşmanlığın yaşadığı gündür. Bu, öyüd alıb düşünmək və səhvləri düzəltmək imkanı tanınmayan bir peşmanlıqdır. Bütün insanlar Allah`dan başqa dost, yardımçı və qoruyucunun olmadığını, Allah`ın gücünü və əzabını artıq birmənalı şəkildə anlayıblar. Belə bir anda Allah`a və axirət gününə qarşı inkar içində ola və bu inkarında inad göstərə biləcək tək bir insan da yoxdur. Bu həqiqət Quran ayələrində bütün insanlara bildirilmişdir:
“Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Allah aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (“Zumər” surəsi, 67)
İnsanın tanıyıb bildiyi bütün qayda-qanunlar o gün yox olur. Yaradılışları sırasında Allah`ın: “İstəyərək və ya istəməyərək itaət edin”, - çağırışına boyun əyən və: “İstəyərək gəldik”, - deyə cavab verən göy və yer o gün də öz yaradılışlarına uyğun olaraq həqiqi sahibləri və yaradıcıları olan Allah`a boyun əyərlər. Quranda Allah`ın göyə və yerə səslənməsi bu şəkildə anladılır:
“De: “Doğrudanmı, siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki aləmlərin Rəbbidir! O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək vücuda gəldik!” - deyə cavab verdilər”. (“Fussilət” surəsi, 9-11)
Bilindiyi kimi, inkarçıların iddialarından biri maddənin öz-özünə yaranması iddiasıdır. Onlar ətraflarında gördükləri bütün gözəlliyi təbiətin gücünə bağlayırlar. İnkarçılar bundan sonrakı proseslərin təfərrüatı, yəni bunların necə meydana gəlməsi, bu elmi yaradılışın necə baş verməsi, özü yox ikən necə yaranması, onların cansız bir təsəvvür olan təbiətdən ortaya çıxması barədə əsla düşünməzlər. Bu məntiqsiz iddiaya görə, hər şeyi təbiət öz-özünə yaratmışdır. Yəni hakim olan fövqəladə uyğunluq və tarazlığın sahibi daş, torpaq, hava və sudur. Halbuki, qiyamət günü gələndə insan dağın, daşın, torpağın nə hala düşdüyünü görür və bu gücün sahibinin təbiət olmadığına şahid olur. Canlı-cansız hər şeyin yaradılışının aid edildiyi təbiət o gün özünü qoruya bilməyəcək. Allah hər şeyin təkcə Öz gücü və iradəsi ilə yaradıldığını, təkcə O, diləyib qoruduğu üçün qorunduğunu insanlara göstərəcək. Bir çox insanlar anlamazlıqdan gəldikləri həqiqətləri o anda vicdanları qəbul etdiyi halda, çox böyük bir peşmanlıqla xatırlayacaqlar:
“Göy yarılacağı və Rəbbinin buyruğunu eşidib itaət edəcəyi zaman; yer uzanıb dümdüz olacağı, qoynunda olanları bayıra atıb boşalacağı və Rəbbinin buyruğunu eşidib itaət edəcəyi zaman... Ey insan! Sən Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!” (“İnşiqaq” surəsi, 1-6)