Kainatı Allah yaratdı
Kainatın necə yaradıldığı mövzusunda indiyə qədər olduqca çoxsaylı və fərqli yanaşmalar olmuşdur. Kimisi kainatın bir başlanğıcının olduğunu irəli sürmüş, kimisi də maddənin əzəldən bəri var olduğu iddiasını müdafiə etmişdir.
Maddənin əzəldən bəri mövcud olduğunu müdafiə edən bu nəzəriyyələrdən biri Sabit kainat nəzəriyyəsi idi. Aparılmış uzunmüddətli və əhatəli araşdırmalar nəticəsində ortaya çıxan güclü dəlillər kainatın bir başlanğıcının olduğu tezisini təsdiqlədi. Sabit kainat nəzəriyyəsi isə elmin tarixi inkişafı dövründən ancaq bir xatirə olaraq qaldı.
Araşdırmalar nəticəsində əldə edilən faktlar kainatın yoxdan yaradıldığını göstərdi. Buna görə də kainatın bir başlanğıcı vardır və bu başlanğıc “Big Bang” (Böyük partlayış) adı verilən böyük bir partlayışla gerçəkləşmişdir. “Big Bang”dən əvvəl maddə, enerji, kosmos, zaman, məkan, bir sözlə, heç bir şey yox idi. Sonsuz sıxlıqda və sıfır həcmindəki bir nöqtənin partlaması nəticəsində qorxunc sürətlə hər tərəfə dağılan maddələrdən ulduzlar, günəşlər, planetlər meydana gəlmiş, kainat sürətlə genişlənmiş, sürətlə şişərək böyümüş və zaman keçdikcə soyuyaraq indiki halını almışdır.
Bu gün kainatın “Big Bang”lə bərabər başladığı, meydana gəlmə şəkli səbəbi ilə müəyyən bir yaşının olduğu bütün kosmologiya kitablarında, elmi jurnal və məqalələrdə isbatları ilə yer alır. Bunları bir neçə sətrə sığışdırmaq qeyri-mümkün olduğundan mövzunun əhəmiyyətini sadəcə olaraq bir-iki misalla vurğulamaq yerinə düşərdi.
Məsələn, Kaliforniya Universitetindən (ABŞ) olan professor Corc O.Abel “Kainatın kəşfi” (Exrloration of Universe) adlı kitabında yazır: “Bu günkü mövcud dəlillər kainatın milyonlarla il qabaq “Big Bang”lə başladığını göstərir. “Big Bang” nəzəriyyəsini qəbul etməkdən başqa çarəmiz qalmır. Bu vəziyyətdə Sabit kainat nəzəriyyəsi artıq reallığını və gücünü itirmişdir”.1
Kolorado Universitetindən (ABŞ) Qerrit L.Verhur “Star Cares” adlı kitabında: ““Big Bang” nəzəriyyəsi dini inancların göstərdiyi, dünyanın və göylərin yaradılmış olduğu həqiqəti ilə uyğunluq təşkil edir. Bu, astronomiyanın dinlə birlikdə olduğunun sürpriz bir nəticəsidir”, - deyə açıqlamışdır.
Kainatın bir başlanğıcının olması kainatın yoxdan var edildiyinin, yəni yaradıldığının əsas dəlilini təşkil edər. Əgər yaradılan varlıq varsa, bunun mütləq bir yaradıcısının da olmasının lazım gəldiyini hamımız çox yaxşı bilirik. Yaradılan bu kainat heç bir nümunə yox ikən, hətta zaman və məkan da yox ikən yoxdan yaradılmışdır. Bu nəzəriyyənin ən mühüm yönü onun kainatın bir başlanğıcının olmasını, üstün və güclü bir yaradıcı tərəfindən yaradıldığını isbat etməsidir: kainatı Allah yaratmışdır.
“Big Bang” kainatda hesablaya bildiyimiz ilk hərəkətdir. Böyük partlayışın ardından bu günə qədər inkişaf edən saysız hərəkətin və hadisənin hər biri Allah`ın izni ilə meydana gəlmişdir və Onun nəzarəti altındadır. Biliksiz, zəkasız, elmsiz bir partlayış nəticəsində dağılan parçacıqların belə bir nizamlı qalaktikaları, ulduz sistemlərini və içində dünyamızın da yer aldığı Günəş sistemini təşkil etdiyini düşünmək ağıldan və məntiqdən uzaq bir yanaşmadır. İnsanın öz bədəni də daxil olmaqla, ətrafında gördüyü hər şey Allah`ın elmi və nəzarəti ilə sonsuz bir nizam içində yaradılmışdır. Quranda Allah`ın əvvəl göyləri yaratdığı, sonra yeri meydana gətirdiyi, daha sonra da canlıları yaratdığı bildirilir.
Allah kainatı həssas bir nizam və tarazlıq içində yaratmışdır. Atmosferdəki qazların nisbətindən tutmuş dünyanın istiliyinə, yağışın düşmə sürətindən tutmuş dünyanın nüvəsindəki dəmirin miqdarına qədər insanın bildiyi və bilmədiyi saysız məsələ bir-birinə sıx bağlıdır. Buna daha bir misal olaraq kainatdakı bütün planetləri və dünyamızı Günəşin orbitində saxlayan cazibə qüvvəsini göstərə bilərik. Kainatdakı bütün kütlələr böyüklükləri nisbətində cazibə qüvvəsinə malikdir. Dünyamız sahib olduğu kütlə nisbətində cazibə qüvvəsinə malikdir və bu qüvvə dənizləri, canlı-cansız hər şeyi dünya üzərində sabit saxlayır. Beləliklə, nə insanlar, nə digər canlılar, nə də dağ və dənizlər kosmos boşluğuna uçurlar. Bu nöqtədə mühüm olan məsələ dünyanın kütləsinin böyüklüyünün çox həyati bir dəyər daşımasıdır. Dünyanın kütləsi bir az da artıq olsaydı, üzərindəki hər şeyi özünə daha güclü şəkildə çəkərdi. Bunun nəticəsində su yerin içinə çəkilər, insanlar cazibənin təsiri ilə yeriyə bilməz, su ağacların budaqlarındakı yarpaqlara çatmaz, yerə çəkildiyi üçün bitki örtüyü yox olardı. Həmçinin canlıların vücudundakı qan dövranı pozulardı və bütün qan ayaqlarda toplanardı. Belə nümunələri çoxaltmaq mümkündür, ancaq bu məqamda əhəmiyyətli olan məsələ dünyanın kütləsinin bu andakı ekoloji tarazlığı quracaq və canlıların öz varlıqlarını sürdürəcəkləri şəkildə çox həssas bir ölçüdə olmasıdır.
Dünyanın sonunun necə olacağı mövzusunda tədqiqatlar aparan alimlər hər şeyin zaman keçdikcə azalıb çürüməkdə olduğunu və bu çürümə nəticəsində kainatın sonunun gələcəyini təxmin etməkdədir. Alimlər dünya üzərində tək bir protonun tarazlığının pozulmasının bu sona səbəb olacağını bildirir və böyük bir təhlükəni xəbər verirlər:
"Cahanşümul çürümə əgər həqiqətdirsə, o, əsrlər sürəcək, amma gerçəkləşdiyi zaman ondan nə ulduz, nə insan, nə şəhər, nə atom, nə də xatirə qalacaq..."
Bu acı həqiqətə diqqət çəkildikdən sonra əsl təhlükəyə işarə edilir:
"Bu günə qədər aparılmış heç bir tədqiqat hələ bir protonun belə yox olduğunu dəqiqləşdirmiş deyil. Ancaq bu, alimlərin bu mövzuda tədqiqat aparmaqdan imtina etməsinə səbəb olmayıb. Alimlərin proton çürüməsinə şahid olması bütün kainatın yoxolma təhdidi ilə qarşı-qarşıya olması mənasına gələcək. Hətta tək bir protonun yox olması belə kainatdakı hər şeyin çürüməsi deməkdir, çünki bir protonun çürüməsi bütün protonların çürüyə biləcəyini və bu səbəblə atomların, molekulların və DNT-lərin yarana bilməyəcəyini göstərir". 2
Burada sadalanan bir neçə xüsusiyyət belə kainatın üstün bir güc tərəfindən çox böyük bir nizam və tarazlıqla yoxdan yaradıldığını dəlillər əsasında göstərir. Eyni üstün qüdrət bu qüsursuz nizamı hər an qoruyur:
“Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da Allah həlimdir, bağışlayandır!” (“Fatir” surəsi, 41)
Allah Quranda kainatda var olan hər şeyin bir sonunun olacağını bildirmişdir. Əlbəttə, kainatı yaradan və onu hər an qoruyan Allah dilədiyi anda onun varlığına son verməyə də qadirdir. Var olan bütün tarazlıq və nizamlar bu böyük qapanış günündə pozulacaq, insanın qavraya bilmək üçün heç dayanmadan cəhd göstərdiyi və böyüklüyünə heyran olduğu hər şey alt-üst olacaqdır:
“Bir şeyi yaratmaq istədiyi zaman buyruğu ona ancaq: “Ol!” - deməkdir. O da dərhal olar. Hər şeyin hökmü əlində olan Allah pak və müqəddəsdir. Siz də Onun hüzuruna qaytarılacaqsınız!” (“Yasin” surəsi, 82-83)