Qorxu içində olmaları

İnkarçıların sonsuza qədər davam edəcək qorxu və peşmançılıqları ölüm mələklərinin onların canını almağa gəlməsi ilə başlayır. Bu zaman heç bir inkarçı qaçmağa cəhd edə bilməz. Çünki bu, sondur və ölümlə birlikdə sonsuz həyata daxil olunur. Elə o anda təsvir edilməz bir qorxu bütün mənliklərini əhatəyə alır və dünyada özlərinə bildirilən əzab həqiqətinin ilk anlarının başladığını anlayırlar. Allah “Ənam” surəsində belə buyurur:

... “Allah’a qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”, -söyləyəndən və: “Mən də Allah’ın nazil etdiyinin bənzərini endirəcəyəm”, – deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allah’a qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə, bu gün siz cəzalandırılacaqsınız!“ (-dediklərini) bircə görəydin”. (“Ənam” surəsi, 93)

Dünyada əldə etdikləri bütün zənginlikləri arxalarında buraxıblar. O gün sahib olduqları heç bir şeyin mənası yoxdur. Qazandıqları, güvəndikləri heç kimə bir fayda verə bilməyəcək. Ayədə bildirildiyi kimi, Allah’ın hüzurunda tənhadırlar:

“Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allah’a) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır”. (“Ənam” surəsi, 94)

İnkarçıların əl və ayaqları, adətən, bağlanmış kimidir. Dünyada çox sevdikləri, öz istəkləri yönündə istifadə etdikləri bədənlərinə söz keçirə bilməzlər, sahib çıxa bilməzlər. Etmək istədiklərini heç cür edə bilməzlər. Belə ki, Quranda bu insanların o gün səcdəyə dəvət ediləcəkləri, lakin səcdə etməyə belə güclərinin çatmayacağı bildirilmişdir:

“Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin (buna) qadir ola bilməyəcəkləri gün – onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular”. (“Qələm” surəsi, 42-43)

Hər şeyin sahibi Allah’dır və hər şey Onun diləməsi ilə yaranır. İnkarçıların səcdəyə çağırılmalarının səbəbi dünya həyatı boyu etməyib ertələdiklərindən dolayı bir sıxıntı və peşmançılıq duymalarını təmin etməkdir. Daha əvvəl təkəbbür göstərərək Allah’a səcdə etməyi rədd edən bu insanlar o gün istədikləri halda, bunu edə bilməyəcəklər. Sorğu-sual edilib cəhənnəmə yollanacaqlar.

“Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları şey necə də pisdir!” (“Ənam” surəsi, 31)

İnsan həyatı boyu tez-tez peşmançılıq hissi keçirir. Etdiklərini düzəltmək imkanı da vardır. Amma nədənsə təkəbbüründən dolayı düzəltməyə heç cəhd etmir, doğruya heç vaxt yönəlmir. Çünki özünün ən doğrunu bildiyini zənn edir, buna görə də hər öyüdə qulaqlarını tıxayır. Amma o gün insan dünyada etdiyi bu hərəkətinə görə ciddi peşmançılıq duyacaq. Ancaq duyulan bu peşmançılığın heç bir faydası olmayacaq. İnkar edənlər o gün etdikləri əməlləri düzəltməyi çox istəyəcəklər. Allah’a özlərini dünyaya geri qaytarması üçün yalvaracaqlar. Dünyadakı mallarının, oğullarının, həyat yoldaşlarının, adət-ənənələrinin, bir təməli olmadan müdafiə edilən fikirlərin nə qədər mənasız və faydasız olduğunu, sadəcə Allah üçün edilən işlərin bir dəyəri olduğunu tam olaraq dərk edəcəklər. Lakin bu idrakın onlara bir faydası olmayacaq.

Bəziləri isə təkəbbürlərindən belə dəhşətli bir anda da peşmançılıqlarını gizləməyə çalışacaqlar. Bunu xəbər verən ayədə belə buyurulur:

“Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu əzabdan qurtarmaq üçün fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz”. (“Yunis” surəsi, 54)

Günahlarını bilmələrinə baxmayaraq, bunu bəlli etməzlər. Halbuki, gördükləri qarşılığa layiqdirlər və başlarına gələnlər Allah’ın ədalətinin bir nəticəsidir. Allah o gün iman gətirənlərlə inkar edənləri qəti şəkildə bir-birindən ayıracaq. İnkar edənlərin cəhənnəmə girənə qədər qarşılaşdıqları hər hadisə şeytanın yolunu doğru yoldan üstün tutmalarına görədir. Bu qorxunc qarşılaşmaya, həqiqətən də, layiqdirlər.

“Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?”” (“Nəml” surəsi, 90)

Peşmançılığı gətirən çoxlu səbəb olacaq. Əzab içində tənha qalacaqlar. Öz dəriləri əleyhlərində şahidlik edəcək və sonsuz əzabın dəhşətini yaşayacaqlar. Cəhənnəmi görüb necə bir dəhşətlə qarşılaşacaqlarını anlayacaqlar. Koruna güvəndikləri saxta ilahları yuxu kimi yox olacaq. Şeytan da onları tənha buraxacaq. Şeytanın sözləri Quranda belə xəbər verilir:

“İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd etmişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allah’a şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır”. (“İbrahim” surəsi, 22)

O gün möminlər inkarçıların düşdüyü bu çarəsiz vəziyyətə baxacaq, bu rəzilliyin nəticəsində başları önlərinə düşmüş kafirlər isə peşmançılıqdan dolayı ancaq göz ucu ilə möminlərə baxa biləcəklər. Bu həqiqət bir ayədə belə bildirilir:

“Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu, gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü özlərini və ailələrini itərənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar”. (“Şura” surəsi, 45)

Axirətdəki peşmançılıq, şübhəsiz ki, dünyadakı nümunələri ilə müqayisə edilməyəcək dərəcədə böyükdür. Bu, geri qayıtmaq imkanı və çarəsi olmayan bir peşmançılıqdır. Artıq heç bir şəkildə dəyişdirilməyəcək bir sonun çöküntüsünü, bunun ağır yükünü çiyinlərində hiss edirlər. Bu çöküntü və peşmançılıq böyük bir qəflətin nəticəsidir. Bu insanlar özlərini yaradan və demək olar ki, dünyanı bütün nemətləri ilə əmrlərinə verən Allah’ı inkar etmə cəsarətini göstəriblər. Seçdikləri bu inkar yolu axirətdəki yerlərini müəyyən etmişdir: bu məkan cəhənnəmdir. Ağıllarına belə gətirmək istəmədikləri hər cür kədərin, əzabın, qayğının sonsuza qədər yaşandığı yerdir ora. Allah’ın qəzəbinin nəticələri bütün əzəməti ilə qarşılarındadır artıq.