Əməl dəftərlərinin verilməsi

İnsanın dünya həyatı boyu etdiyi hər şey sağ və sol tərəfindəki mələklər tərəfindən yazılır. Hesab anı üçün hazırlanan dəftərlər din günündə insanlara veriləcək. İnsan etdiklərinin heç birini rədd edə bilməyəcək, çünki yaşadığı hər an əməl dəftərinə yazılacaq. Hər kəs öz dəftərindən axirəti üçün nələr hazırladığını öyrənəcək. Möminlərin sağ əllərinə, kafirlərin isə sol əllərinə dəftərləri veriləcək. Heç kimə zərrə qədər haqsızlıq edilmədiyi və bir xardal dənəsi qədər əməlin də hesaba qatıldığı bu anda möminlərlə kafirlərin keçirdiyi hisslər və rəftarları çox fərqli olacaq. Möminlər böyük sevinc içində dəftərlərini oxumaları üçün yanında olanlara uzadacaqlar. Allah ayələrdə belə buyurur:

“O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir. Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı! Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”. O, xoşbəxt həyat sürəcəkdir uca bir cənnətdə, elə bir cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır. Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için”, -deyiləcəkdir”. (“Haqqə” surəsi, 18-24)

Möminlərin bu sevinc və fərəhlərindən fərqli olaraq, kafirlər qorxu içində olacaqlar. Kafirlərin dəftərləri sol əllərinə veriləcək. Ən kiçiyindən ən böyüyünə qədər heç bir işi əskik buraxılmadan yazılmış bu dəftər Allah’ın bəyənmədiyi işlərlə dolu olacaq. Bu həqiqət qarşısında inkar edənlərin qorxu və narahatçılığı ayədə bildirilmişdir:

“Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O, nə bir kiçik, nə də bir böyük günahı buraxıb hamısını yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!” (“Kəhf” surəsi, 49)

Allah’dan qorxmamaq, Ona şərik qoşmaq, Ona ibadət edən kimi görünüb Ondan başqalarını da razı salmağa çalışmaq kimi yalan, zina, qumar və daha bir çox günah bu dəftərdədir. İnkarçılar Allah’ı haqqı ilə təqdir edə bilmədikləri üçün riyakar əxlaqla həm dünyada istədikləri kimi yaşayacaqlarını, həm də istədikləri ibadətləri etməyi bağışlama ünsürü olaraq önə sürə biləcəklərini zənn edirlər. Allah’a ibadət etməyən və ya ibadət edən kimi görünən şəxsləri hesab günündə qorxu və narahatlıq gözləyir. Layiq olduğu qarşılığı alan inkarçıların çarəsizlik və peşmançılığı onların söylədiklərindən də aydın olur. Quranda bu şəxslərin o ankı dəhşətləri belə bildirilir:

“Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi”” (“Haqqə” surəsi, 25-29)

Allah’a və axirətə yəqinliklə inanan, həyatı boyu hesab anı üçün hazırlıq görən möminlər ilə axirəti unudan, Allah’dan və möminlərdən üz çevirən sol tərəfin adamları arasındakı fərq yenə başqa bir ayədə belə izah olunur:

“Kimin kitabı arxa tərəfindən veriləcəksə, o, özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü”. (“İnşiqaq” surəsi, 10-15)