Hesab vaxtı
Quranda insan həyatının həqiqi mənası belə açıqlanır:
“Ey insan! Sən Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!” (“İnşiqaq” surəsi, 6)
İnsanların həyatda dönüş nöqtəsi olduğuna inandıqları müəyyən hadisələr var. Universitetə girmək, diplom almaq, evlənmək, uşaq sahibi olmaq kimi... Bu və buna bənzər planları olan insanlar məqsədlərinə çatana kimi günləri sayarlar və həmin planlar əsasında hazırlıq görərlər. Həyatlarında ancaq həmin hədəf olar və təkcə bu məqsədlə yaşadıqlarını söyləməkdən də çəkinməzlər. Halbuki, insan Allah`a qulluq etmək üçün yaradılmışdır. Hər nə qədər özü qəbul etməsə də, yaradılmasının yeganə məqsədi budur. Əslində, bunu bilir. Amma kitabın əvvəlində də bildirdiyimiz kimi, bitməyəcək zənn etdiyi dünya həyatında bu həqiqəti unutmağa çalışaraq yaşayar. Qısası, bunu tamamilə görməzlikdən gələr. Həyatı boyunca nə edirsə etsin, nəticədə, Allah`ın hüzuruna çıxacaq. Həmin vaxt Ona hesab verəcəyi məhşər günüdür.
Dünyada keçən hər gün bizi o məhşər gününə bir az da yaxınlaşdırır. Keçən hər saat, hər dəqiqə, hətta hər saniyə ölümə, yenidən dirilməyə və hesaba doğru atılmış yeni addımdır. Bunu saxlamağın və ya geri çevirməyin yolu yoxdur. Bütün insanlar bu yolu keçəcəklər. Allah Öz kitabında belə deyir:
“Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq hesab çəkmək də Bizə aiddir!” (“Ğaşiyə” surəsi, 25-26)
O vaxt gələndə artıq hər şey sona çatır. Bundan sonra geri dönüş yoxdur və əvəzetmə də mümkün deyil. Vicdanın göstərdiyi həqiqətə önəm verməyənlər şiddətli dərəcədə təşviş və çaşqınlığa düşərlər. Varlığı və birliyi heç bir şübhəyə səbəb olmayacaq qədər açıq olan Allah`ı dünyada inkar edəcək qədər zalım olan bu insanlar daha əvvəl heç gözləmədikləri, bənzəri görünməmiş bir əzabla qarşılıq görəcəklər. Çünki haqq kitabı təbliğ edən elçilər tərəfindən xəbərdar ediliblər və necə yaşamağın lazım olduğuna dair hər mövzudan hali olublar. Onlara dünyada düşünüb mühakimə etmək üçün möhlət verilmişdir. Allah bu həqiqəti Quranda “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edəcəyi qədər ömür vermədikmi?!” (“Fatir” surəsi, 37) ayəsi ilə bildirir.
Artıq verilən vaxt bitmiş, hesab anı gəlmişdir. İnsanın dünya həyatı boyu işdə, evdə, məktəbdə, əyləncədə, harada olursa-olsun, bütün etdiklərinə Allah şahiddir. İnsana şah damarından daha yaxın olan Allah hər kəsin hər anını görmüş, onu nəzarət altına almışdır. Hər kəs dünya həyatında kim tərəfindən yaradıldığını, yaradılma məqsədini, nə etmək lazım gəldiyini və Rəbbinə qaytarılacağını öyrənmişdir. Bu həqiqəti bildikləri halda, özlərini aldatmağı üstün tutublar. Bu isə, şübhəsiz, böyük günah və böyük cəsarətdir və bu şeytani cəsarət, əlbəttə ki, qarşılıqsız qalmayacaq. O, çox ağır gündə hər kəsə etdikləri və etməyib təxirə saldıqları tək-tək xəbər veriləcəkdir:
“Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah sayıb yazmış, onlar isə unutmuşlar. Allah hər bir şeyə şahiddir!” (“Mücadilə” surəsi, 6)
“O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə çıxacaqlar! Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir”. (“Zəlzələ” surəsi, 6-8)
Allah: “...Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır...” (“Bəqərə” surəsi, 197) - deyərək insanları hesab üçün hazırlıq görməyə çağırmışdır. Vicdanını dinləyən, Rəbbinin çağırışına itaət edənlər üçün o gün heç bir qorxu və hüzn yoxdur. İnkarçılar isə əvəzi olmayan peşmanlıq yaşayarlar. Dünyada etdikləri axirətdə özlərinə deyiləndə peşman olacaqları Quranda bu şəkildə anladılır:
“Və cəhənnəmin gətiriləcəyi gün - məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: “Kaş ki, mən əvvəlcədən həyatım üçün yaxşı əməllər edəydim!” - deyəcəkdir. O gün Allah`ın etdiyi əzabı heç kəs edə bilməz!” (“Fəcr” surəsi, 23-25)