Dənizlərin vəziyyəti
Bütün bunları yazarkən mühüm bir məqamı xatırlatmaq yerinə düşərdi. Daha əvvəl də bildirdiyimiz kimi, zehinlərdə canlandırmağa çalışdığımız bu mənzərə tamamən Quran ayələrindən yola çıxaraq söylənən təriflərdir. Quranda bildirilənlərə uyğun şəkildə təqdim edilən bu izahlar Allah`ın istəyi ilə gerçəkləşəcək və Allah`ın olacağını vəd etdiyi həqiqətlərdir. Yaradılmış hər şeyi yaradan Allah, şübhəsiz ki, bunların hər birini yox etməyə və yerlə bir etməyə də qadirdir. Ayələrin bizlərə xəbər verdiyi kimi, qiyamət günü hər şey ağlasığmaz bir şəkildə yox olub gedəcək. Bu, Allah`ın vədidir. Allah bir ayədə belə buyurur:
“Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bilməz!” (“Rum” surəsi, 6)
Öz böyüklüyü ilə öyünən insanın artıq heç bir dəyəri qalmamışdır. Özünü Allah`ın qarşısında dəyərli və güclü görən, öz aldanışı içində Allah`ı inkar etməkdən çəkinməyən insan baş verənlərin qarşısında yetərincə gücsüz və acizdir. Özündən üstün gördüyü varlıqlar da Allah`ın təqdir etdiyi bu böyük günə təslim olmuşlar. Dağlar, dənizlər və bütün kainat heç sarsılmaz kimi görünən sağlam vəsfini itirmiş, yalnız və yalnız Allah`a itaət etmişlər, Allah`ın: “Ol”, - deməsi ilə hər şey olub bitmişdir. Hər biri Onun verdiyi hökmə müti olaraq yerinə yetirmələri lazım gələn vəzifələrini yerinə yetiriblər. Dağların rəngli yunlar kimi dağılıb parçalandığı, yerin bütün ağırlıqlarını kənara atdığı qiyamət günü dənizlərdə meydana gələn hadisələr də Allah`ın sonsuz böyüklüyünü bir daha göz önünə sərir. Quranda bildirildiyinə görə, o gün dənizlər yanacaq və fışqırıb daşacaq.