Sura üfürülməsi. Qiyamət sura üfürülməsi ilə başlayır

“Sur çalınacaqdır. Bu, vəd olunmuş gündür!” (“Qaf” surəsi, 20)

Sura üfürülməsi Allah`ın Quranda vəd etdiyi qiyamət saatının artıq gəlib çatdığını xəbər verir. Bu səs dünya həyatının bitməsinin və axirətin başlanğıcının səsidir. Dünyada qaldığı müddət boyunca bu böyük gündə görəcəkləri barədə xəbərdar edilən və verəcəyi hesabla xəbərdar edilib qorxudulan hər kəs artıq ona vəd edilən həqiqətlə qarşı-qarşıyadır. Heç gözləmədikləri bir anda eşitdikləri bu səs daha əvvəl eşidilən səslərə əsla bənzəməyən bir səsdir. İnsanlar özlərinə verilən müddətin (vaxtın) son olduğunu bu işarədən anlayacaqlar. Bu səs küfr edənlərin əbədiyyətə qədər davamlı olaraq yaşayacaqları qorxu, dəhşət dolu çətin bir günün başlamasının müjdəçisidir. Allah bir ayədə belə buyurur:

“Elə ki, sur çalındı, o gün çox ağır bir gün olacaqdır. O gün kafirlər üçün asan olmayacaqdır!” (“Müddəssir” surəsi, 8-10)

Dünya üzərində var olan nizamın diqqət çəkici bəzəyinə aldanaraq ona sıx bağlananlar Allah`ın varlığı və birliyi həqiqətinə qarşı kordur. Bütün bunların yaradıcısını, yaradılışını və bir sona doğru sürətlə irəlilədiyini əsla düşünmədən sadəcə aldandıqları bu görüntü ilə kifayətlənib xoşbəxt olurlar. Halbuki, onları aldadan bu qüsursuz nizam hər şeyin sahibi olan Allah`ın əsəridir. Allah`ın yaratdığı bu görkəmli sistem yenə onun tək bir əmri ilə ağıllara durğunluq verəcək bir şəkildə sona çatacaq. Bax, belə bir günlə qətiyyən qarşılaşmayacaqları zənnində olanlar surun səsi ilə bu qəflətdən dərhal oyanacaqlar. Ancaq bu oyanma faydasızdır, çünki Allah və axirət adına bir şey etmək üçün artıq çox gecdir.

Gecikmişlər, çünki bəzi insanlar bu imtahana tabe olduqları dünya həyatını axirətin varlığını unudaraq boşuna xərcləyiblər. Axirətə inanmayan insanların belə bir anlayışa sahib ola bilməsinin arxasında çox şəxsi bir cəhd dayanır. Bu səyin də mahiyyəti və əvəzi olduqca böyükdür. Bunun təməlindəki səbəb dünyadakı bu məhdud həyatla qane olmaq, daha əvvəlini və ya sonrasını mümkün olduqca düşünməməkdir. Bu anlayış dünya həyatının müvəqqəti ləzzətlərinə dalaraq nə üçün yaradıldığını unutmağı da özü ilə gətirir. Buna görə də insanların çoxu niyə yaşadıqlarını, nə üçün yaradıldıqlarını, Yaradanın onlardan nələr istədiyini və ölümün nədən var olduğunu düşünmədən bir ömür sürür. Ölüm bildikləri bir şeydir, amma ölüm həqiqətinin onlara üzərində düşünmələri lazım olan bu kimi sualları da gətirəcəyinin fərqindədirlər. Bunun üçün bu fikirdən mümkün qədər uzaqlaşmağa çalışırlar. Halbuki, insanın yaradılışının və onun dünya üzərindəki qısa həyatının səbəbi yalnız Allah`a qulluq etməkdir. Ölümün yaxınlığının, dünya həyatının qısalığının, sahib olduğu və olmadığı hər şeyin sadəcə imtahanın bir parçası olmasının fərqində olan insanlar Quran vasitəsilə insanlara tərif edilmiş olan həqiqətlərlə də mütləq qarşılaşacaqlarının fərqindədirlər. Beləliklə, dünyadakı tək məqsədin Allah üçün yaşamaq olduğunu qavraya biliblər. Bunu dünyada ikən qavramaq insan üçün böyük bir qazancdır. Beləliklə, aldadıcı bir dünyadan uzaqlaşır, yeganə həqiqətə, yəni axirətə yönəlirlər.

Nəfsinin, yəni sadəcə həzz və həvəsinin ardınca gedərək hərəkət edən bir insanın ən böyük istəyi bu durumunun həmişə davam etməsi, onun əsla sonunun olmamasıdır. Öz halından, əslində, çox da məmnun deyildir, çünki həyatında davamlı çətinlik və sıxıntılar vardır. Amma şeytan bütün fikrini dağıdıb başını qarışdırmaq üsulu ilə onu aldadır, davamlı sıxıntı və üzüntü çəkdiyi bu həyatı sonsuz əzaba inanmağı rədd edərək üstün tutur. Ancaq bir səhər işə gedərkən və ya gecənin bir vaxtı niyyət və ümidlərini növbəti sabaha qədər təxirə salıb yatmağa hazırlaşarkən birdən-birə surun səsini duyan bir insanın ruhi vəziyyəti, şübhəsiz ki, çarəsiz olacaq. Davam etdirmək istədiyi nizamın onun elə özü ilə birlikdə son dəqiqələri gəlmiş, bildiyi halda inanmağı rədd etdiyi bu mütləq həqiqət onu anidən yaxalamışdır. Həyatı boyu özünü qoruyacağını sandığı güclərə sığınmış bir insan üçün artıq o an yardım istəyə biləcəyi kimsə, ya da sığına biləcəyi heç bir yer yoxdur. Çünki hər kəs eyni vəziyyətdədir, çarəsizlik içində başlarına gələcəklərə təslim olublar, dünya üzərində o zamana qədər yaşamış olan bütün insanlar Allah`ın hüzurunda toplanıblar.

“Sur çalınan kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar”. (“Yasin” surəsi, 51)

Surun səsi bir inkarçı üçün həyatı boyunca qaçdığı həqiqətlərlə qarşılaşma demək olduğu kimi, artıq etdiklərinin əvəzi imkanının ortadan qalxdığı anı da ifadə edir. O an duyulan qorxunu sözlə ifadə etmək mümkün deyil, daha əvvəl nə görünmüş, nə də eşidilmiş bir dəhşət və təlaş yaşanmaqdadır. Dünya həyatında edilən bütün xətaların bir əvəzini ala bilər, ya da vaxt keçdikcə bu xətalar unudula bilər. Ancaq hər şeyin sonunun gəldiyini bildirən bu səs edilən xətaların əvəzinin verilməsi üçün artıq vaxtın qalmamasının xəbərçisidir. O gün surun səsi inkarçılara böyük bir qorxu gətirəcək və hər adam qarşılaşdığı bu həqiqətə boyun əyəcəkdir. Allah bu vəziyyəti Quranda belə xəbər verir:

“Sur çalınacağı gün Allah`ın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müti vəziyyətdə gələr”. (“Nəml” surəsi, 87)

Halbuki, bu həqiqət insanların hamısına qarşılaşdıqları belə bir gündən əvvəl xatırladılmışdı. Allah insanları həm ayələri, həm də elçiləri ilə geri dönüşü olmayan bir gün gəlmədən öncə Ona doğru yönəlmək barədə xəbərdar etmiş, əks davranış tərzi göstərənlərə isə ölüm gəldikdən sonra yardım edilməyəcəyini bildirmişdir. Gözləmədiyi bir anda əzabla qarşılaşan adamın duyacağı peşmançılıq və ona heç bir şəkildə yardım edilməyəcəyi həqiqət Quranda bu şəkildə açıqlanmışdır:

“Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə tabe olun! Bir kəs: “Allah`a itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən istehza edirdim!” - deməsin. Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” - söyləməsin. Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” - deməsin! “Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun!” Qiyamət günü Allah`a qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün cəhənnəmdə yer yoxdur?!” (“Zumər” surəsi, 54-60)

Müvəqqəti bir mənafe naminə üstün tutulan dünya həyatı surun səsi ilə artıq sona çatır. Bütün insanlar onlara vəd edilənlərlə qarşı-qarşıyadır. Meydana gələn hadisələrin gerçəkliyinin insanlarda doğurduğu qorxu və dəhşət hissi çox böyükdür. Bütün insanlar eyni çağırışa tabe olur, geriyə dönüşü olmayan həqiqətlə qarşılaşdıqlarının fərqinə varırlar. Bu, şübhəsiz ki, böyük bir gündür və bu böyük gündə meydana gələcək hadisələr üçün surun səsi sadəcə olaraq bir xəbərçidir.