O gün dostluq, qohumluq və yaxınlıq olmayacaq

O gün insanın özündən başqa heç kimlə maraqlanmağa imkanı olmaz. İnsan dünyada ikən dəyərli gördüyü və güvəndiyi ailəsini belə düşünməz. Hadisələrin dəhşətindən təkcə öz dərdində olacaq. Dünyada çox sevdiyi ataları, uşaqları, qohum-əqrəbaları və yaxınları ilə əlaqələri tamamilə kəsiləcək:

“Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar”. (“Muminun” surəsi, 101)

Dünyada böyük güc sayıb sığındığı yaxınlarının mal və mövqeyindən artıq əsər-əlamət qalmayacaq. Güc və qüdrəti ata soyunda və dünya malında axtaran, həmçinin dindən uzaq həyat tərzi keçirib qazanc əldə etdiyini düşünən insanlar yanlış etdiklərini anlayacaqlar. O gün təkcə imanın dəyəri olacaqdır.

Dünyada, ümumiyyətlə, dostluğun qurulub davam etməsi qarşı tərəfdən gələcək mənfəətə bağlı olur. Mənfəət isə gələcəyi zəmanətə almaq, sərmayə qoymaq, pul, etibar və s. məqsədini daşıyır. Halbuki, hesab günündə heç kim həvəs və istəklərinin ardınca gedə bilmədiyi üçün keçmiş dostluqları bir anda unudarlar. Quranda bu həqiqət belə bildirilir:

“Və dost dostu arayıb axtarmayacaqdır”. (“Məaric” surəsi, 10)

Din günündə qorxu elə şiddətli olacaqdır ki, hər kəs kimliyindən asılı olmayaraq, bu qorxunc əzabdan qurtarmaq üçün sahib olduğu hər şeydən vaz keçər. Hər şeyi tapdalayıb əldə etdiyi sərvətlərə heç əhəmiyyət də verməz. Hətta təkcə sahib olduqları deyil, dünyanın bütün var-dövləti onun olsa belə, hamısını fidyə vermək istər. Bərk yapışdığı malı-dövləti artıq onun üçün heç bir məna ifadə etməz. Allah üçün verməli olduğu, lakin xəsislik edib vermədiyi malı gözünü belə qırpmadan fəda edər. Lakin artıq çox gec olacaq.

Göz qırpımı qədər qısa sürən dünya həyatında ondan Allah`ın verdiyi nemətləri Allah yolunda istifadə etməyi istənilərkən, o, bu ağır günü qulaqardına vurmuş, hətta öldükdən sonra belə dünyada qoyub getdiyi izlə adının anılacağına, etibarının davam edəcəyinə ümid etmişdir. İnkarçıların düşdüyü bu çıxılmaz vəziyyət Quranda bu şəkildə ifadə edilmişdir:

“Yer üzündə nə varsa hamısı, üstəlik, bir o qədər də kafirlərin olmuş olsaydı, mütləq onu qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər. Və Allah`dan onlara güman etmədikləri görünəcəkdir”. (“Zumər” surəsi, 47)

“(İbrahim) dedi: “Sizin Allah`ı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!”“ (“Ənkəbut” surəsi, 25)

Dünyada saxta olduğu halda, inkarçıların heç biri dostluqlarının saxta olduğunu qəbul etmək istəməz. Bir çox insan üçün dostluq və sevgi digərlərindən fərqli olur. Halbuki, hamısı eyni xətaya düşmüş, vəfanı dünyada heç vaxt yaşamamışlar. Üstəlik, o gün əzab görməsinlər deyə, təklif etdiyi şeylər dostluq anlayışlarını tam ortaya çıxaracaq. O gün dünyada ikən möhkəm bağ qurduğu ailəsi və dostlarını fidyə verib qurtulmaq istəyəcəklər. Quranda bu həqiqət açıq şəkildə verilmişdir:

“Və dost dostu arayıb axtarmayacaqdır. Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini! Və yer üzündə olanların hamısını - təki özünü qurtarsın! Xeyr, bu mümkün deyildir. Həqiqətən, o, alovlu atəşdir”. (“Məaric” surəsi, 10-15)

Məhşər günü inkarçıların bu fidyə təklifi onların həqiqi xarakterinin bilinməsi üçün olduqca önəmlidir. Artıq dünyadakı ən yaxın əlaqələrin belə, mənfəətin bitdiyi və adamların maraqlarına zidd olduğu bir vaxtda dəyərdən düşdüyü məlum olmuşdur. Halbuki, bu cəhd boş yerədir. Allah insanları bu var-dövlətə onları yoxlamaq üçün varis etmiş və onlara müəyyən zaman ayırmışdır. Bu müddətin bitməsindən sonra bunları fidyə olaraq vermək istəmələri inkarçıların bir daha anlayışsız olduqlarını göstərir.