Dənizlərin daşması

Quranda qiyamət günü gerçəkləşəcəyi bildirilən hadisələrdən biri də dənizlərin daşmasıdır. Bu həqiqət bizlərə ayələrdə xəbər verilməkdədir:

“Dənizlər fışqırdılıb daşırıldığı zaman...” (“İnfitar” surəsi, 3)

O gün Allah`ın istəyi ilə qurudan gələcək fəlakətlərə dənizlərdən gələnlər də əlavə olunacaqdır. Belə bir fəlakətin və bunun kimi digərlərinin gerçəkləşməsi üçün, şübhəsiz ki, təkcə Allah`ın diləməsi kifayətdir. Allah sadəcə “ol” əmri ilə yoxdan var etdiyi yer üzünü çeşidli şəkillərdə yerlə bir etməyə qadirdir. Bunları gerçəkləşdirə biləcək səbəblər isə bizlər üçün yalnız bir xatırlatma, Allah`a yaxınlaşmaq və Onun əzabından qorxmaq üçün bir yoldur. Bu hadisələrin necə gerçəkləşəcəyinin, səbəblərinin nə olacağının məlumatı yalnız Allah`ın dərgahındadır. Bəlkə heç bir səbəb olmayacaq, qiyamətin bütün əlamətləri birdən-birə gerçəkləşməyə başlayacaqdır. Bu səbəblə, bu bölümdə verilən misallar sadəcə təxminlərdir.

Gerçəkləşməsi ehtimal edilən bəzi misallar dənizlərin daşması ilə bağlıdır. Bəlli olduğu kimi, əsasən, dəniz altında yeraltı təkan meydana gəldiyi zaman suyun üzündə nəhəng dalğalar yaranır. Yeraltı təkanın mərkəzindən başlamaqla yayılan təsir nəticəsində dalğalar okeanı saatda 750 km kimi yüksək bir sürətlə keçərək sürətlə sahilə çatır. Okeanın ortasında bir metrə çatmayan dalğa sahilə çatanda 60 metri aşa bilir. Məsələn, 1896-cı ildə Yaponiyanın Hoşu şəhərində meydana gələn böyük dənizaltı təkandan sonra qabaran bir dalğa 25-35 metrə çataraq bütün məskunlaşma mərkəzini bürümüş və 25000 adamın ölümünə səbəb olmuşdu.

Nəhəng dalğaların bəlli olan başqa bir qaynağı da vulkan püskürməsidir. Buna canlı misal 1883-cü ildə Krakatoanın zirvəsindəki çökmədən sonra yüksələn dalğadır. Cava ilə Sumatra arasında olan bu ada şiddətli püskürmələrin ardınca qəfildən itmiş, ani və böyük bir dalğaya səbəb olmuşdu. Bunun nəticəsində, meydana gələn sunami Cava adasında əhalinin ən sıx olduğu sahildə qırılaraq 165 kəndin yox olmasına və 3600 adamın ölümünə səbəb olmuşdu. Bu dalğanın yüksəkliyi sahilə çatanda 35 metri aşırdı. Göründüyü kimi, dəniz altında meydana gələn bəzi zəlzələlər və ya vulkan püskürmələri təkcə müəyyən bir bölgəni əhatə etsə də, dənizlərin daşmasına, minlərlə adamın ölməsinə səbəb olur. Halbuki, qiyamət günündə yerin üstündə olduğu kimi, dənizlərin altında da sarsılmayan heç bir yer qalmayacaq. Bu vəziyyətdə dənizlərin altında meydana gələn şiddətli sarsıntılarla birlikdə dənizlər də daşacaq və o anadək bəlli olan sunamilərlə müqayisə olunmayacaq bir şəkildə bütün yer üzünə təsir edəcəkdir.

O gün dənizlərin daşaraq insanlara fəlakət gətirməsi üçün daha bir neçə səbəb var. Bu böyük su kütləsinin sabit və durğun bir şəkildə dayanması bəzi qanunlara bağlıdır. Ancaq o gün heç bir təbiət qanunu keçərli olmayacaq, göyləri, yerləri, quruları, dənizləri və insanları tarazlıqda saxlayan həssas hesablar və müvazinət yox olacaq. Allah`ın diləməsi ilə var olan bu qüsursuz nizamın səbəbləri yenə Allah`ın diləməsi ilə ani şəkildə ortadan qalxacaqdır. Daha əvvəlki bölümdə də izah edildiyi kimi, bəlkə də o gün yerin altındakı istilik havanı isidəcək, üzə çıxan bu hərarət buzların əriməsinə səbəb olacaq. Bu da mövcud suyun miqdarının artmasına, onun səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Bunların hamısı ehtimal daxilindədir, fəqət o gün bunun necə gerçəkləşəcəyini yalnız Allah bilir.

Yenə bəlli olduğu kimi, günümüzdə bir dağdan qopan torpaq və qayaların yuvarlanaraq bir körfəzi, gölü və ya su hövzəsini doldurması lokal bir dalğaya səbəb olur. Qiyamət günündə isə yıxılmayan, çökməyən bir dağ qalmayacaq və daha əvvəl də bəhs edildiyi kimi, bu dağlar bütün çuxurları doldurub yerin dümdüz olmasına səbəb olacaq. Dağlardan düşən parçalar dənizləri doldurub onların daşmasına səbəb olacaq.

Allah`ın müəyyən etdiyi bu müddət tamamlandığı zaman qəlblərə amansız qorxu salan hadisələr bir-birinin ardınca gerçəkləşəcək. İnsanları əhatə edən qorxunc bir gurultu, dağların parçalanması, insanların ayaqlarının altından axan lavalar, hər yeri bürüyən toz, duman və qaz buludları, qaynayaraq insanların üstünə daşan sular... Dünya həyatı boyunca Allah`ın varlığını düşünmək istəməyən, Onun böyüklüyünü təqdir edə bilməyən qullara bir anda gələn dəhşətli bir əzab... Qeyd-şərtsiz hər kəsi boyun əydirən, insanları öz acizliklərinin və ömrü boyunca dəyər verdikləri şeylərin nə qədər dəyərsiz olduğunu göstərən öldürücü bir əzab... O gün insanların ürəklərində duyduqları qorxunun və dəhşətin tərif edilə bilməyəcəyi bir gündür. İnsanlar buradan oraya, oradan buraya qaçmağa, sığınılacaq bir yer axtarmağa çalışacaqlar. Amma hər kəs bilməlidir ki, bu gündən qurtuluş yoxdur.