Qəbirdən çəyirtkələrin səpələnməsi kimi çıxacaqlar

“Ən pis nümunə axirətə inanmayanlara, ən yüksək nümunə isə Allah`a məxsusdur. Allah yenilməz qüvvət, hikmət sahibidir!” (“Nəhl” surəsi, 60)

Ayədə də bildirildiyi kimi, Allah`ın verdiyi nümunələr mövzunu ən gözəl şəkildə təsvir edər. Bu səbəblə, Quranda ayələrin hər birinin olduqca böyük hikmət (“Qəmər” surəsi, 5) olduğu bildirilmişdir. Buna görə, Qurandakı hər nümunə qiyamət günü mühiti və insanların vəziyyətini gözümüzdə canlandırmağımıza imkan verir. Heç şübhəsiz ki, Allah`ın vədi haqdır və bütün bu nümunələr gerçəkləşəcək. Məsələn, “Qəmər” surəsində din günü torpaqdan çıxan insanlar çəyirtkələrin yayılmasına bənzədilir:

“Onlar gözlərini zəlilanə aşağı dikib səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar”. (“Qəmər” surəsi, 7)

Əlbəttə, Allah`ın bu bənzətməsi digər ayələrdə də olduğu kimi, o anın beyində canlandırılması üçün ən gözəl bənzətmələrdən biridir. Çünki çəyirtkələrin yayılması digər canlılardan fərqlidir.

Köçəri çəyirtkələr böyük sürü halında hərəkət edib getdikləri yerlərə böyük zərər vururlar. Bəzi çəyirtkə sürülərinin eni 1,5 km, uzunluğu 80 km, yüksəkliyi isə 25 metr olur. Və bu sürülərdə təxminən 40 milyard çəyirtkənin olduğu güman edilir. Külək sürətlə əsdikdə çəyirtkə sürüləri 200-500 m yüksəklikdə uça bilir və bu zaman bir-birinə olduqca yaxın olurlar. Milyardlarla çəyirtkə kilometrlərlə uzunluqda və endə qapqara yağış buludu görüntüsü yaradırlar. 25

Gündə 80-100 km yol gedə bilən köçəri çəyirtkələr lazım gələndə geniş su sahələrini keçib sürətlə hədəflərinə çatırlar. Gəlib çatdıqları yerlərdə bulud topası şəklində olurlar. Milyonlara çatan sayları ilə bir anda ortaya çıxıb getdikləri bölgəni tamamilə bürüyür, hətta böyük ölçüdə talana səbəb ola bilirlər.

Ayələrdən anladığımız qədər insanların torpaqdan çıxması da bu şəkildə olacaq. Surun səsini duyan milyardlarla insan eynilə çəyirtkələr kimi bir anda torpağın üstündə görünəcək, hamısı birlikdə çağırışçının səsinə doğru qaçmağa başlayacaqlar. İnsanların onları çağıran səsi duyar-duymaz torpaqdan çıxacaqları “Rum” surəsində bu şəkildə anladılır:

“Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə çağıran kimi dərhal yerdən çıxmağınız da Onun qüdrət əlamətlərindəndir”. (“Rum” surəsi, 25)

Dünya yarandığı gündən etibarən yaşamış bütün insanların bir anda torpaqdan çıxıb bir araya toplanması həqiqəti də ağılı qarışdıran bir mənzərədir. Belə bir gündə bir araya gələn milyardlarla insan özləri üçün müəyyən olunmuş hökmü gözləyir və bunu əsla geri döndərə bilmirlər.

Qeydlər:

25. Sabah Yayınları, Hayvanlar Ansiklopedisi, s.1776-1779