Qiyamət günü yaxınlaşaraq gəlir
“O saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!” (“Həcc” surəsi, 22/7)
Ölüm get-gedə yaxınlaşır. İstər gənc olun, istərsə də yaşlı, keçən hər gün, hətta hər dəqiqə ölümə bir az da yaxınlaşırsınız. Zamana mane ola bilmir və ölümün yaxınlaşmasına heç cür əngəl ola bilmirsiniz. Göstərdiyiniz səylərin heç biri sizi və ətrafınızdakıları hər şeyə baxmayaraq müvəqqəti olmaqdan ayırmır. Dünyadakı hər şey kimi siz də həyatınızı sona çatdıracaq günə doğru irəliləyirsiniz.
Ancaq dünyada ölümlü olanlar yalnız insanlar deyil. Digər bütün canlılar, yer üzü, hətta bütün kainat da ölümlüdür, onların hamısının yox olacaqları bir gün müəyyən edilmişdir. Bax, o gün son gündür. O gündən sonra dünya həyatı sona çatacaq. Qiyamət günü yalnız dəhşətin yaşandığı, ölçüləri heç bir insanın təsəvvür edə bilməyəcəyi qədər qorxunc, eyni zamanda, görkəmli bir son gün olacaq. Yer üzündəki hər şey yerlə bir olacaq, ulduzlar silinib töküləcək, günəş sönəcək. O vaxta qədər dünya üzərində yaşamış bütün insanlar bir araya toplanacaq və bu günə şahid olacaqlar. Bu son gün inkarçılar üçün çətin gündür və bu günün sahibi, şübhəsiz ki, aləmlərin Rəbbi olan Allah`dır.
Qiyamət yaxınlaşaraq gəlməkdədir. İnsanların çoxunun inamının əksinə olaraq qiyamət heç də uzaq deyildir. O gün dünya ilə birlikdə dünyaya aid olan hər şey də yox olacaq. Tamahkarlıqlar, acgözlüklər, istəklər, qızğınlıqlar, şəhvət, düşmənçilik və zövqlər sona çatacaq. Gələcəyə yönəlmiş planların heç bir mənası qalmayacaq. Allah`a qaytarılacağını unudan hər kəs üçün çox sevdiyi, sonsuz həyatdan üstün tutduğu dünyanın bütün o aldadıcı zənginlikləri, gözəllikləri və məşğuliyyətləri ilə birgə sona çatdığı gün gəlmişdir. Bax, o gün insanlar Allah`ın varlığına qəti bir biçimdə şahid olacaq, unutmamağa çalışdığı ölüm günü ilə qarşı-qarşıya qalacaqlar. Allah`ı və axirət həyatını unudaraq keçirdiyi bu qısa ömür artıq sona çatmışdır və yeni bir başlanğıcı gözləməkdədir. Bu başlanğıc əsla son olmayacaq və inkarçılara əsla xoşbəxtlik gətirməyəcək. Bu sonsuz həyatın ilk anından etibarən əzab elə şiddətlidir ki, bunu yaşayanlar əzabın yerinə ölümü və yox olmağı istəyəcəklər. Bu həyatın başlanğıcı qiyamət saatıdır. Və şübhəsiz ki, qiyamət saatı yaxınlaşaraq gəlməkdədir.