Danışmalarına izn verilməyəcək

İnkar edənlər o gün həyatlarına aid unutduqları hər hərəkətin qarşılarına çıxmasını təsvir oluna bilməyən heyrət və peşmançılıqla qarşılayacaqlar. Quranda bəhs edilən “kaş ki” və ya “heyf” şəklindəki fəryadları peşmançılıqlarının heç bir faydasının olmadığını başa düşdüklərini göstərir. "Kaş, biz Allah’a ibadət edəydik. Onun Elçisinə müti olaydıq" ” (Əhzab surəsi, 66) -deyərək heyfsilənən bu insanların üzrxahlıqlarının və heyfsilənmələrinin artıq heç bir təsiri yoxdur. Yalvarış və fəryadlarına, kömək çağırışlarına Allah’dan gələn qarşılıq Quranda belə izah olunmuşdur:

“Və onlara deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır”. (“Casiyə” surəsi, 34)

Bunlara baxmayaraq, həmin insanlar Allah’dan kömək istəməyə davam edəcəklər. Bir qismi Allah’dan yox olmağı istəyəcək. Bir qismi qarşılaşdığı əzabdan xilas olmaq üçün sahib olduqlarını fidyə olaraq vermək, bir qismi də dünyaya geri qayıdıb etdiklərini düzəltmək istəyəcək. Quranda bu insanların saleh əməllər etmək üçün dünyaya geri qayıtmaq istədikləri belə izah olunur:

“Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!” (-deyəndə) görəydin!” (“Səcdə” surəsi, 12)

Bu yalvarmaları onları əhatəyə alan qorxunc əzabdan xilas ola bilmək üçündür. Halbuki, dünyaya geri qayıtsalar belə, inkarçıların əvvəlki mövqelərinin əsla dəyişməyəcəyini Allah bildirmişdir. Bu insanlar üçün artıq heç bir şəkildə qurtuluş yoxdur. Kafirlər onları yaradan və yaşadan Allah’a üsyan etməklə ola biləcək ən böyük günahı törədiblər. Buna görə, hesab günü özlərini müdafiə etmələrinə belə izn verilməyəcək. Allah bu həqiqəti ayələrdə belə bildirir:

“Qiyaməti yalan sayanların o gün vay halına! Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir. Qiyaməti yalan sayanların o gün vay halına!” (“Mürsəlat” surəsi, 34-37)

Belə ki, Quranda Allah’ın inkarçıların etdiklərinə qarşılıq olaraq din günündə bu insanlarla danışmayacağı, onları qorumayacağı və günahlardan təmizləməyəcəyi bildirilmişdir. Mövzu ilə bağlı ayələrdən bəziləri bunlardır:

“Şübhəsiz ki, Allah’ın nazil etdiyi kitabdan olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır”. (“Bəqərə” surəsi, 174)

“Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır”. (“Ali-İmran” surəsi, 77)

“Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!” (“Muminun” surəsi, 108)

İnsanların qəzəbi Allah’ın inkarçılara qəzəblənməsi ilə müqayisə edilə bilməz. İnsan nə qədər hiddətlənsə də, bunun nəticəsində verə biləcəyi cəza məhduddur. Halbuki, Allah’ın qəzəbi təsəvvür edilə bilməz qədər böyükdür. Ağıla və təsəvvürə gəlməyəcək dərəcədə dəhşətli bir qarşılıq vardır bu qəzəbin nəticəsində. Qəzəbin ölçüləri insan ağlının və xəyal gücünün sərhədlərindən çox kənardadır. Quranda bu həqiqət belə ifadə olunur:

“Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allah’ın sizə olan nifrəti indi sizin özünüzə olan nifrətinizdən daha böyük idi”” (“Ğafir” surəsi, 10)