Dünya həyatı müvəqqəti, ölüm isə mütləq həqiqətdir

Uşaqlığınızın ilk günlərindən etibarən gələcəyinizlə bağlı aşkar bir hədəfə yönəlir və ya başqaları tərəfindən yönləndirilirsiniz. Ehtimal ki, bunlarla qarşılaşırsınız: yaşınız artdıqca artıq ailəniz və işiniz olmuşdur; daha çox pul qazanmaq və daha rahat yaşamaq üçün cəhd göstərirsiniz; uşaqlarınızı yetişdirir, onların sizdən də gözəl həyat sürməsini istəyirsiniz; həftədə bir dəfə ailə toplantılarına qatılır, tətil edir, işə gedir, qalan vaxtınızı da evdə keçirirsiniz; bir neçə kəm-kəsiri nəzərə almasaq, həyatınızda hər şey müntəzəm davam edir, əsasən, fövqəladə vəziyyətlərlə qarşılaşmırsınız.

Həyatınızdakı hər şey sanki daha əvvəlcədən müəyyənləşdirilmiş kimidir, ətrafınızdakı insanların həyatı da bir-biri ilə böyük bənzərliklərə malikdir. Bu oxşar ssenarilərə görə yaşamaq üçün çalışmalı, nəslinizi davam etdirmək üçün də ailə qurmalısınız. Əslində, yaxşı bir ailə və yaxşı bir işdən əlavə həyatın başqa nə məqsədi ola bilər ki! Bunlar təmin edildikdən sonra xoşbəxt bir həyat barədə düşünürsünüz. Beləcə, hər şey rahat olacaq və həyatınızın qalan hissəsini rahatlıqla keçirəcəksiniz.

Halbuki, bunları düşünərkən bədəninizdə və ətrafınızda bəzi mühüm dəyişikliklər olur. Vücudunuzdakı fərqli funksiyalara sahib olan bir çox hüceyrə işini tamamlayıb ölür və yaşınız artdıqca bunların təzələnməsi daha da yavaş getməyə başlayır. Bədəniniz yaşlanır və bu yöndə davamlı əlamətlər, xəstəliklər, çatışmazlıqlar ortaya çıxır. Zaman sürətlə irəliləyir və geri dönmənin mümkünsüzlüyü özünü zaman keçdikcə daha açıq bir şəkildə göstərir. Siz sakit və rahat keçirməyi planlaşdırdığınız qalan ömrünüzdə get-gedə ölümə doğru yaxınlaşdığınızın fərqindəsiniz. Bax, bu səbəblə, dünya həyatı sizə gözlədiyiniz rahatlığı və sakitliyi həqiqi mənada əsla verməz. O ana qədər sizi bir çox cəhətlərdən qane etdiyini düşündüyünüz bu həyatın bir sonu vardır. Bax, bu sonun ardından əsl həqiqətlərlə üz-üzə gəlinəcək. O halda, dünya həyatında hədəf seçdiyiniz heç bir şey sizin həqiqi məqsədiniz olmamalıdır. Çünki dünya həyatı yalnız müvəqqəti bir imtahan yeridir. Kimin daha gözəl davranış göstərdiyinin sınandığı yerdir. Allah bizə bu mühüm həqiqəti belə bildirir:

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır”. (“Mülk” surəsi, 67/2)

Həyatın həqiqi məqsədi yaxşı bir ailə və yaxşı bir iş deyil. Hər kəsin tək bir yaradılış məqsədi vardır - Allah`a qul olmaq. Dünyada əldə edilmiş mal-dövlət, həyat yoldaşı, uşaq, mövqe, etibar kimi qazancların hamısı həyat boyunca böyük bir tutqu ilə bağlanılan dəyərlərdir. Fəqət, ölümün ilk anından etibarən bu dünyəvi qazanclar bütün dəyərini və əhəmiyyətini bir anda itirir. Bu, hər kəsin bildiyi, amma düşünməkdən çəkindiyi bir həqiqətdir. Buna görə də əsl məqsəd bu olmamalıdır. O zaman həqiqi məqsədin və qazancın nə olduğunu çox yaxşı düşünmək, qavramaq lazımdır. Budur, Allah yaradılışın əsl məqsədini ayədə belə bildirir:

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“Zariyat” surəsi, 51/56)

Ancaq Allah`a qulluq borcunun tam şəkildə yerinə yetirilməsi ilə ölümdən sonra başlayan axirət həyatı üçün gözəl bir ümid mövzu ola bilər. İnsanların böyük hissəsinin sahib olduğu yanlış bir ümid var. Xeyli insan bu ehtimala inanaraq özünü rahatlamağa çalışır. Halbuki, bu, böyük bir yanlışlıqdır. Əgər bir insanın axirətə, ölümdən sonrakı həyatda yaşamağa ümidi yoxdursa, o zaman da geriyə tək bir ehtimal qalır: ölümlə birlikdə sonsuzadək yox olmaq! Bu ehtimal isə digərləri ilə müqayisədə daha çox qorxu yaradır. Allah`a qulluq etməyi rədd edən insanlar bu ehtimaldan qorxduqları və onu unutmaq istədikləri üçün özlərinə çeşidli üsullar icad edirlər. Ümumilikdə bu üsulların hamısı eynidir: ölüm söhbət mövzusu olmaz, onun barəsində danışılmaz, o, müzakirə edilməz, xatırladılmaz. Halbuki, ölüm yaşanılacağı mütləq olan bir həqiqətdir, amma onunla sanki yoxmuş kimi davranılır. Cəmiyyətin böyük bir qisminin bu məntiqə sahib olması insanda bir rahatlığa səbəb ola bilər. Halbuki, onun özü kimi digər insanlar da aldanmaqdadır. İnsanlar ölümü, qiyamət gününü və axirəti bilir, amma bu haqda düşünmürlər. Onlar dünya həyatı ilə qənaətlənir, daha doğrusu, bununla qane olmağı istəyirlər. Halbuki, Allah Quranda insanların qaçdığı ölüm gerçəyi ilə mütləq qarşılaşacağını bildirir. Ayədə belə buyurulur:

“De: “Qorxub qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!” (“Cumuə” surəsi, 62/8)

Ölüm yalnız insanlara məxsus deyildir. Müvəqqəti olan dünya həyatında insan kimi hər şey ölümlüdür. Allah bizə bütün kainatın içindəki canlılarla birlikdə yox olacağı bir günün varlığını, yəni qiyamət gününü bildirmişdir. Qiyamət günü imtahanın başa çatdığı son gündür. Yer üzündəki hər insan o günün gəlməsini bir xeyli əlamət əsasında anlayacaq və kainatın ölümü ilə nəticələnəcək hadisələr, həqiqətən də tükürpərdici olacaq. Və ən nəhayət, dünyadakı bütün insanlar qiyamətin həqiqətə çevrildiyi gün onları gözləyən yenidən dirilişi qavrayacaq. Belə bir günlə qarşılaşmağı gözləməyənlər üzləşdikləri bu açıq-aydın həqiqəti rədd edə bilməyəcək və Allah`ın əmrinə istəyib-istəməsələr də, boyun əyəcəklər. Allah bütün kainat üçün böyük bir aqibət hazırlamışdır. İnsanların çoxu hər nə qədər inkar etməyə çalışsa da, qiyamət saatı onları müəyyən edilmiş bir vaxtda gözləyir.