Öz aralarında mübahisə etmələri

“Onlar orada höcətləşərək deyərlər: “Allah’a and olsun ki, biz açıq-aşkar azğınlıq içində idik – o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də bizə canıyanan bir dostumuz var! Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!” Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi”. (“Şüəra” surəsi, 96-103)

İnkar edənlər o gün heç gözləmədikləri qədər böyük bir əzabla qarşılaşacaqlar. Yaşadıqları vəziyyətə görə həm özlərinə, həm də özlərini Allah’ın yolundan uzaqlaşdıran insanlara qarşı böyük bir qəzəb içində olacaqlar. Dünyada ikən ən əhəmiyyətli hədəflərdən biri olan məqam və mövqelərinin o gün heç bir mənası qalmayacaq. İnkarçılar o gün özlərini doğru yoldan azdıran liderlərinə qarşı qəzəb duyacaqlar. Dünyada ikən ardınca getdikləri bu insanlardan qaçaraq uzaqlaşmağa çalışacaqlar. Özlərinə tabe olan insanlar ilə o günkü mübahisələri isə ayələrdə belə izah olunur:

“O zaman, tabe olunmuş başçılar tabe olunanlardan uzaqlaşacaq, hamısı əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir. Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə, Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt cəhənnəm odundan çıxa bilməyəcəklər”. (“Bəqərə” surəsi, 166-167)

Allah Quranda dünyada insanları yanlış yönləndirən və Allah inancından uzaqlaşdıran səbəblər arasında öndə gələnlərin təsirinə də işarə etmişdir. Allah’ın müəyyən etdiyi ölçülərə görə deyil, insanların müəyyən etdiklərinə görə üstün qəbul edilən bu insanların özlərinə tabe olanlar üzərində təsirləri çox böyükdür. Bunun nəticəsində, insanların düşünmədən bağlandıqları liderləri onlara dünyanın keçici dəyərləri üçün yaşamanın doğru olduğunu öyrətmiş və boş işlərlə onları aldatmışdır. Lakin özləri də, tabe olanlar da dünyada etdikləri işlərin nə qədər böyük günah olduğunu görə bilməmişlər. Allah`a qarşı gəlib bir-birlərini dəstəkləmiş, öz istəklərinə tabe olmuşlar. Bu böyük qəflətin ortaya çıxdığı gün bir-birlərini günahlandırmağa başlayarlar. Bu günahlandırmalara baxmayaraq, hər iki tərəf də cəhənnəmdən çıxarılmayacaq.

Allah Özünə təslim olanları doğru yoldan azdıran bu liderləri Quranda belə təsvir edir:

“Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir. Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar Allah’ın rəhmətindən qovulmuş kimsələr olacaqlar”. (“Qəsəs” surəsi, 41-42)

“Firon qiyamət günü öz camaatının qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir!” (“Hud” surəsi, 98)

O gün inkar edənlər böyük həvəslə bağlandıqları liderləri ilə aralarında şərq və qərb uzaqlığının olmasını istəyəcəklər. Bu həqiqət “Zuxruf” surəsində belə xəbər verilir:

“Kim mərhəmətli Allah’ın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. Nəhayət, o, hüzurumuza gəldikdə yoldaşına deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!” Onlara deyilər: “Siz haqsızlıq etdiyinizə görə, şərik olmağınız sizə heç bir fayda verməz!”” (“Zuxruf” surəsi, 36-39)

O gün insanlar dünyada çox sevdikləri, inandıqları, böyük həvəslə bağlandıqları insanların bir qismini tanımayacaq, bir qismini də inkar edəcək, hətta onlara lənət edəcəklər. Ayədə belə buyurulur:

“İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allah`ı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (“Ənkəbut” surəsi, 25)

Quranda Allah’ı unudub Ondan başqasını razı salmağa çalışaraq ömrünü keçirən bu insanların Allah’ın hüzurunda bir-birləri ilə olan mübahisələri belə izah olunur:

“Allah əmr edib deyəcək: “Atın cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allah’a tay tutanı. Atın onu şiddətli əzabın içinə!” Yoldaşı şeytan deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o, özü dərin azğınlıq içində idi!” Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”” (“Qaf” surəsi, 24-29)

Möminləri və onların getdiyi doğru yolu bəyənməyən bu insanlar din günündə möminləri öz yanlarında görə bilməyincə olduqca təəccüblənəcəklər. Təəccübləri isə ayələrdə belə xəbər verilir:

“Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük? Biz onları haqsızcasınamı məsxərəyə qoyurduq? Nə isə, onlar gözə dəymirlər?” Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir”. (“Sad” surəsi, 62-64)

Dünyada aralarındakı anlaşmazlıqlar heç vaxt sona çatmamış, öz həyatlarını öz əlləri ilə qaraltmışlar. Bir-birlərinə etdikləri bu zülmü görə bilmirlər. Yaşadıqları mühitdə, hətta yaxınları arasında belə rahat ola bilmirlər. Buna baxmayaraq, münaqişələrdən heç cür uzaqlaşmırlar. Möminlər dünyada və axirətdə həmişə hüzur içində olmalarına baxmayaraq, onlar daimi bir hüzursuzluq və sıxıntı mühitində yaşayırlar. Şübhəsiz, bu vəziyyət yaşadıqları və daimi olaraq yaşayacaqları əzab növlərindən biridir. Həm dörd tərəfdən əzabı dadacaqlar, həm də yaxınları zənn etdikləri insanlarla mübahisə edəcəklər.