Kafirlər çətin, möminlər asan hesaba çəkilərlər
Dünyadakı həyatlarını Allah’ın göstərdiyi yoldan uzaqlaşaraq öz istək və həvəslərinə uyan və ya cəmiyyətin azğın dəyər və inanclarına görə yaşayan inkarçıların hesabı çox çətin olacaq. O gün onlara qarşı nə bir mərhəmət, nə də bir şəfqət vardır, nə də əzabı yüngülləşdirəcək bir güc... Bunun ən böyük səbəbi onlara dünyada Allah’ın varlığına dair xatırladıcılar gəlməsinə baxmayaraq, Allah’ın hədlərini qorumamaları və dünyaya təkrar göndərilsələr də, yenə qorumayacaqlarıdır. Bu Quran ayələri ilə xəbər verilmiş qəti bir həqiqətdir:
“Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələri yalan saymayıb möminlərdən olardıq”, -dediklərini görəydin! Xeyr! Əvvəllər gizlətdikləri günahlar onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar”. (“Ənam” surəsi, 27-28)
Hesablarını verərkən də alovlandırılan cəhənnəm onları gözləyir. Törətdiklərinin heç biri ötürülmədən qarşılığını görmək üçün cəhənnəmə yollanarlar. Bir ayədə böyük hesab belə izah olunur:
“Səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, cəhənnəm alovlandırılacağı zaman və cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir”. (“Təkvir” surəsi, 10-14)
Möminlər üçün isə olduqca asan bir hesab olacağı “İnşiqaq” surəsində bildirilmişdir:
“Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır!” (“İnşiqaq” surəsi, 6-9)
Möminlər dünyadakı həyatlarını, onları yaradan və doğruya yönəldən Rəbbimizin istədiyi şəkildə yaşamışlar. Günahlarını isə sonsuz rəhmət sahibi olan Allah bağışlayacaq. Allah bir çox ayədə iman gətirib saleh əməllər edənlərin günahlarını yaxşılıqlara çevirib bağışlayacağını bildirmişdir. O gün Rəbbimizin vəd etdiklərinə qovuşan möminlərə Allah belə buyurur:
“O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda, öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!” (“Fəcr” surəsi, 27-30)
Beləliklə, möminlər Allah’ın onlara olan lütfü və ehsanı sayəsində sonsuz atəş əzabından xilas olacaq və Rəbbimizin sonsuz nemətləri ilə dolu olan cənnətə qovuşacaqlar. “Cənnətə gir”, -deyiləndə möminini cavabı Quranda belə xəbər verilir:
“Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allah’a həmd olsun! Biz cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”” (“Zumər” surəsi, 74)